Azərbaycan idmanına ağır itki

ESTAFET/ Azərbaycan idmanı və idman mediası ağır itki ilə üzləşib.

Tanınmış idman xadimi Cavid Allahverdiyev damarlarında tromb yaranması nəticəsində 42 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Cavid Allahverdiyev Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) İcraiyyə Komitəsinin və Mətbuat Şurasının üzvü idi.

O, 2021-ci ilin iyun ayında Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri seçilib. Ötən ildən Gənclər və İdman Nazirliyi tabeliyində Şuşa rayon Uşaq və Gənclər İdman Məktəbinin dərs hissə müdiri vəzifəsində çalışırdı.

Həmçinin, ötən ilin fevralında Azərbaycan Autizm Assosiasiyasının baş katibi seçilmiş, oktyabr ayında isə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyəti sədrinin müavini təyin olunmuşdu.

1981-ci il fevralın 17-si Bakıda sərbəst güləş üzrə tanınmış məşqçi Cabir Allahverdiyevin ailəsində dünyaya göz açan Cavid uşaq və gənclik illərindən idmana, xüsusilə güləşə maraq göstərib, illər keçdikcə bu sahədə inkişaf edib, təkmilləşib.

İdmanın təbliğində də fərqlənib. 2005-ci ildən başlayaraq dövri mətbuatda idman mövzusunda ardıcıl çıxışlar edib. O, “Sportsman” jurnalının daimi müəllifi, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü idi.

Cavid Allahverdiyevin 2 qız, 1 oğlan övladı yadigar qaldı.

Gözəl, səmimi, qayğıkeş insan, fədakar idman və media təəssübkeşi Cavid Cabir oğlu Allahverdiyevin əziz xatirəsi onu tanıyanların xatirəsində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

Müəllif: Natiq NƏSİROV