IJF Cüdo Akademiyasının məşqçi sertifikat proqramının açılış mərasimi keçirilib
ESTAFET/ 7 fevral 2023-cü ildə Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının cüdo məşqçiliyi sertifikat proqramının yekun seminarının açılış mərasimi keçirilib.
Azərbaycanın müxtəlif bölgələrindən olan 79 məşqçi təlimlərin sonunda beynəlxalq sertifikat əldə etmək üçün imtahan verəcək.
Açılış tədbirində beynəlxalq proqramda iştirak edən məşqçilərlə yanaşı, Azərbaycan Cüdo Federasiyasının (ACF), Milli Olimpiya Komitəsinin (MOK), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) nümayəndələri və BCF Akademiyasının ekspertləri iştirak ediblər.
ACF-in baş katibi Rəşad Rəsullu BCF-in prezidenti Marius Vizer başda olmaqla, Akademiyanın ekspertlərinə və MOK-a təşəkkür edib: “Bu proqramın Azərbaycanda təşkil edilməsi Federasiyanın təhsil sahəsində həyata keçirdiyi strategiyanın reallaşdırılması istiqamətində önəmli addımdır. Məşqçilərimiz bu proqramda əldə etdikləri bilik və bacarıqlarından daha sonra məşq keçdikləri zallarda yararlanacaq və bununla da Azərbaycan cüdosunun inkişafına öz töhfələrini verəcəklər. ACF-in ən önəm verdiyi məsələlərdən biri məşqçilərimizin peşəkarlıq səviyyələrini davamlı olaraq inkişaf etdirməkdir və onların növbəti illərdə də proqramda iştirakı nəzərdə tutulub”.
MOK-un beynəlxalq proqramlar idarəsinin məsləhətçisi Ceyhun Rəhmanov, ADBTİA-nın Tədris və Elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə də çıxış edərək məşqçilərə uğurlar arzu edib.
BCF-in Akademiyasının direktoru Envik Qaleanın sözlərinə görə 10 il əvvəl BCF-in proqramını başlayanda tədris materialları yalnız ingilis dilində mövcud idi, lakin indi 12 dildə bu proqram tədris edilir: “Biz Azərbaycana xüsusi diqqət ayırırıq. Artıq 4 dəfə Azərbaycana məşqçiləri hazırlamaq üçün ekspertlər səfər ediblər. Əsas prinsipimiz məşqçilərə imtahanı məhz uğurla keçməkdə kömək etməkdir. Burada olan bütün məşqçilər yaxşıdır, lakin daha yaxşı məşqçi olmaq üçün 100 əsas katanı bilmək xüsusi önəm kəsb edir”.
Akademiyanın direktoru təşkilatçılığa görə ACF-ə, MOK-a və Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Həmrəyliyi Fonduna dəstəyə görə təşəkkürünü bidirib.
Qeyd edək ki, ACF-in Akademiya ilə 2022-ci ilin mart ayından başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuran 79 cüdo məşqçisi əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar.