Ayan Allahverdiyeva liderliyini davam etdirir
ESTAFET/ Qadın şahmatçılar arasında Azərbaycan çempionatında 6-cı turun görüşləri keçirilib.
Hesabat turunda yeganə heç-heçə Ləman Hacıyeva və Xanım Balacayeva arasındakı görüşdə qeydə alınıb. Yarışın lideri Ayan Allahverdiyeva 6-cı turda Zeynəb Məmmədyarovanı məğlub edib. Qara fiqurlarla oynayan son Azərbaycan çempionu Gövhər Beydullayeva Xəyalə Abdullanı məğlub edib.
Türkan Məmmədyarova Nərmin Abdinovaya, debütant Nurtan Nuriyeva isə Səbinə İbrahimovaya uduzub. Gülnar Məmmədova bu tur istirahət edib.
Qeyd edək ki, 6 turdan sonra aktivində 4,5 xalı olan Ayan Allahverdiyeva birinci pillədə qərarlaşıb. Liderdən yarım xal geri qalan Gövhər Beydullayeva ikinci sırada qərarlaşıb. Hərəyə 3,5 xalı olan Səbinə İbrahimova və Xanım Balacayeva müvafiq olaraq 3-4-cü yerləri bölüşdürür.
Ölkə çempionatına fevralın 14-də yekun vurulacaq.