II dövrəyə yekun vuruldu

ESTAFET/ Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasının II dövrəsinin oyunları başa çatıb. VI tur çərçivəsində “Abşeron” klubu “Murov”la, UNEC isə “Azərreyl”lə üz-üzə gəlib.

Voleybol Mərkəzində təşkil olunan turun ilk matçında “Abşeron” “Murov”la qarşılaşıb. Famil Ağayevin komandası turu qalib başa vurub. “Abşeron” ilk iki hissəni 25:22, 25:19 hesabı ilə öz xeyrinə başa vursa da, üçüncü hissədə 25:17 hesabı ilə sevinən tərəf “Murov” olub. Bununla belə, dördüncü set matçda sonuncu olub. Üçüncü hissədəki məğlubiyyətdən nəticə çıxaran “Abşeron” dördüncü seti hesabına yazdırıb - 25:21. 

II dövrənin son matçı UNEC və “Azərreyl” komandaları arasında keçirilib.  Bu matçın qalibi isə üç setdə müəyyən olunub. Oyuna daha inamlı başlayan “Azərreyl” birinci setdə 25:13 hesabı ilə qalib gəlib. Eldar Yusubovun komandasının ilk hissədəki uğuru sonrakı setlərdə də davam edib. “Azərreyl” ikinci hissəni 25:10, üçüncü hissəni isə 25:7 hesabı ilə qalib başa vurub. 

Beləliklə, II dövrədən sonra lider “Azərreyl”in 14 , “Abşeron”un 12,  “Murov”un 10 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

VI tur
“Abşeron” - “Murov” 3:1 (25:22, 25:19, 17:25, 25:21)
UNEC - “Azərreyl” 0:3 (13:25, 10:25, 7:25)

Müəllif: Bəhruz MƏMMƏDOV