Veteran gimnastımız 90 yaşını qeyd edir
Bu gün gimnastikanın inkişafında xidmətləri olmuş veteran gimnast Faiq Əbdül oğlu Rəcəbovun 90 illik yubileyi tamam olur.
1933-cü il fevralın 19-da Bakı şəhərində anadan olan Faiq Rəcəbov idmana uşaq yaşlarından maraq göstərib. Onu uşaq yaşlarında ilk dəfə gimnastika bölməsinə xalası qızı, Azərbaycanda qadınlar arasında ilk SSRİ idman ustası olan tanınmış gimnastımız Züleyxa Hacıyeva gətirib. Çox keçməyib ki, Faiq Rəcəbov gimnastikada uğurlar qazanmağa başlayıb. O, yeniyetmələr arasında Bakı və Azərbaycan birinciliklərinin və tələbələr arasında keçirilən spartakiadaların çempionu olub. İdman gimnastikası üzrə SSRİ idman ustası olan idmançı Azərbaycanın yığ¬ma komandasının üzvü kimi, SSRİ çempionatlarının, SSRİ xalqlarının spartakiadasının iştirakçısı olub.
F. Rəcəbov uzun illər ictimai işlərdə də çalışıb. O, 1980-1990-cı illərdə Azərbaycan Gimnastikası Federasiyasının prezidenti, 1994-1997-ci illərdə Azərbaycanın Milli Olimpiya Komitəsinin baş katibi və Avropa Komitəsinin texniki komissiyasının üzvü olub.
Faiq Rəcəbov 2022-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman xadimi fəxri adı ilə təltif edilib.
Azərbaycan Gimnastika Federasiyasının kollektivi Faiq Rəcəbovu gimnastika ictimaiyyəti adından ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və müvəffəqiyyətlər arzu edir.