Azərbaycan Elektron İdman Növləri Federasiyasının hesabat-seçki konfransı keçirilib
Fevralın 21-də Azərbaycan Elektron İdman Növləri Federasiyasının hesabat-seçki konfransı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Yığıncaqda federasiyanın prezidenti Ramil Əliyevin hesabatından sonra seçki keçirilib.
Səsvermə nəticəsində Adil Mahmudov federasiyanın yeni prezidenti seçilib. A.Mahmudov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, qurumun bundan sonrakı fəaliyyəti və görüləcək işlər barədə danışıb. Yığıncaqda həmçinin Oqtay Qasımzadə və Ramil Əliyev federasiyanın vitse-prezidenti vəzifəsinə, Ənvər Hüseynov, İmamir Mirzoyeva və Məmməd Əlizadə idarə heyətinə üzv seçiliblər.