"OLYMPIC MOVES” PROQRAMININ BAĞLANIŞ MƏRASİMİ KEÇİRİLİB

Bakı İdman Sarayında Beynəlxalq Olimpiya Komitəsi, Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olympic Moves” məktəblilərin kütləvi idman proqramının final mərhələsinin bağlanış mərasimi keçirilib.


“Olympic Moves” proqramının əsas məqsədi “Bakı 2015” Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək məktəblilər arasında yüngül atletika, velosiped idmanı, basketbol 3x3 və badminton idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.


Bağlanış mərasimin ilk mərhələsi olaraq badminton və basketbol üzrə yarışlarının finalı keçirilib. Badminton üzrə keçirilən finala Xətai rayonunun 260 və Suraxanı rayonunun 104 saylı orta məktəbləri vəsiqə qazanıb ki, nəticədə çempion adına 104 saylı məktəb layiq görülüb. Yarışın 3-cü pilləsində Binəqədi rayonunun 244 saylı orta məktəbi qərarlaşıb.


Basketbol idman növü üzrə finalda Nərimanov rayonunun 200 saylı orta məktəbi Nizami rayonunun 220 saylı orta məktəbi ilə görüşüb və nəticədə 200 saylı məktəb qalib gəlib. Yarışın 3-cü yerini Xətai rayonunun 17 saylı orta məktəbi tutub.


Yüngül atletika üzrə yarışlarda 3-cü yeri bir komanda qismində çıxış edən Səbail rayonunun 132 və 134 saylı orta məktəbləri tutub, finalda isə Suraxanı rayonunun 89 saylı orta məktəbin komandası Nərimanov rayonunun “Ankara” Liseyindən daha güclü olub və yarışın ən yüksək pilləsinə layiq görülüb.


Velosiped idmanı üzrə keçirilən finalda birinci yer uğrunda bir komanda şəklində çıxış edən Səbail rayonunun 132 və 134 saylı və Nizami rayonunun 251 saylı orta məktəblərinin komandaları mübarizə aparıb ki, nəticədə yarışın qalibi 251 saylı məktəbin komandası olub. Sözügedən idman növü üzrə üçüncü yerə Xəzər rayonunun 183 saylı məktəbinin komandası layiq görülüb.


Proqramın ulduz elçiləri və “Bakı 2015” Avropa Oyunlarının iştirakçıları olan Amil Həmzəyev (basketbol), Orxan Qələndərov (badminton), Aqşin İsmayılov (velosiped idmanı), Nazim Babayev (atletika) və Olimpiya çempionu Fərid Mansurov bağlanış mərasimində “Olympic Moves” proqramının məktəblilərdə müvafiq idman növlərinə sağlam və fəal həyat tərzinə marağın artmasına gətirdiyini bildiriblər.


Tədbirdə atletika, velosiped idmanı, badminton, basketbol idman federasiyalarının, MOK, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyinin səlahiyyətli şəxsləri iştirak ediblər.
Sonda rəsmilər tərəfindən mətbuat nümayəndələrinə “Olympic Moves” proqramı haqqında məlumat verilib və gənclər üçün şou-proqram təşkil olunub.


Sözügedən proqramda 400-ə yaxın Bakı şəhər orta ümumtəhsil məktəbində təhsil alan 50 mindən çox şagird yüngül atletika, badminton, basketbol 3x3 və velosiped idmanı üzrə yarışlara cəlb olunub. “Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayıb. 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan proqram Bakı rayon yarışları ilə davam edib və Bakı İdman Sarayında təşkil olunan final və idman festivalı ilə başa çatıb.