"Komanda hücumda istədiyimiz kimi oynayır": Elmar Baxşıyev

ESTAFET/ Premyer Liqanın 25-ci turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

43 yaşlı mütəxəssisin fikirləri ilə sizi tanış edirik:

“Ağır oyun olacağını bilirdik. “Qarabağ” Azərbaycan çempionatının ən yaxşı komandalarındandır. Matça yaxşı başladıq. Futbolçular istədiyimizi meydanda verməyə çalışırdı. Komandanın çıxışından ümumilikdə razı qaldım. Rəqibdən çəkinməyib, istədiyimiz dominant futbolu nümayiş etdirməyə çalışdıq. Səhvlərimiz oldu. Rəqib təzyiq göstərirdi və buna görə də boşluqlar verirdik. Belə məzmunlu oyun göstərdiyi üçün futbolçularımıza təşəkkür edirəm. Biz o komandalardan deyilik ki, qapanaq və oyun ərzində 1-2 epizoddan yararlanmağa çalışaq. Heyətimizdə olan futbolçular daha çox hücumda olmağa impuls verir və ona görə də öndə oynamağı tələb edirik. Həmin epizodları yaratmaq da güc tələb edir. Komanda hər matçda belə imkanlar əldə edir. Dəyərləndirməkdə bir az çətinlik var. Gördüyümüz bizə inam verir. Komanda hücumda istədiyimiz kimi oynayır. Bu gün meydanda 5 legioner, 6 azərbaycanlı var idi. Mən buna önəm vermirəm. Heyətimizdə 23 futbolçu var. Kim daha layiq olursa, onun üzərində dayanırıq”.

Müəllif: Orxan NOVRUZOV