Azərbaycan güləşçilərindən son gündə 2 qızıl medal
ESTAFET/ Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dan Kolov - Nikola Petrov turnirinə yekun vurulub. Yarışın son günündə 2 güləşçimiz final görüşünə çıxıb.
Mariya Stadnikin (50 kq) Svetlana Ankiçevayla qarşılaşması cəmi 35 saniyə çəkib. Qadınlardan ibarət yığmamızın lideri qazaxıstanlı rəqibinə tam üstünlüklə (10:0) qalib gələrək cari ildə ilk titulunu qazanıb.
Sərbəst güləş üzrə 125 kq-ın finalında Georgi Meşvildişvili iranlı Mustafa Tağaniylə üz-üzə gəlib. İlk hissəni 2:0 öndə tamamlayan millimizin üzvü ikinci hissədə üstünlüyünü bir qədər də artırıb. Yekunda 7:2 hesablı qələbə qazanan Georgi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, güləşçilərimiz ənənəvi yarışda ümumilikdə 4 medal qazanıb. Xatırladaq ki, daha öncə sərbəst güləşçilərdən İntiqam Vəlizadə (61 kq) gümüş, İbrahim Yusubov (92 kq) isə bürünc medal əldə edib.