Azərbaycan cüdoçuları Avropa Kuboku turnirinin ilk günündə 5 medal qazandı

ESTAFET/ Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə edib.

Turnirin ilk günündə qızların yarışında 40, 44, 48 və 52 kq çəki dərəcələrində 14 cüdoçumuz, oğlanların yarışında isə 50 kq, 55 kq, 60 kq və 66 kq çəki dərəcələrində 17 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

50 kq çəkidə Əhməd Rüstəmov bürünc medal uğrunda görüşdə gürcüstanlı idmançı Luka Omanadzeyə qalib gələrək yarışı 3-cü yerdə başa vurub.

55 kq çəkidə Həsən Həsənli və Fərid Qarayev turnirin bürünc medalını qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan Mirxaliq İskəndərov finalda Qazaxıstan təmsilçisi Oralbek Bayzaka qalib gələrək qızıl medal əldə edib.

60 kq çəkidə Ümüd Qurbanov bürünc medal uğrunda görüşdə serbiyalı cüdoçu Velko Simiki üstələyib.

Qızların mübarizəsində 48 kq çəkidə Vüsalə Hacıyeva 5-ci, 40 kq çəkidə Gülşən Hüseynova 7-ci yerlə kifayətlənib. Oğlanlar arasında 55 kq çəkidə isə Ayxan Mirzəzadə 5-ci yerə çıxıb.

Müəllif: Natiq NƏSİROV