Azərbaycan Avropa kubokunda birinci yeri tutdu
ESTAFET/ 11-12 martda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku turnirində Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Azərbaycan yarışda 50 nəfərdən ibarət heyətlə təmsil olunub.
Turnirin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə edib.
Turnirin ikinci günündə isə oğlanların yarışında 73 kq çəkidə Süleyman Şükürov finalda polşalı idmançı Şimon Brzuszczynskini məğlub edərək qızıl medal qazanıb. 81 kq çəkidə Aslan Kotsoyev final görüşündə Lüksemburq təmsilçisi Miça Velterə qalib gələrək komandamızın aktivinə üçüncü qızıl medalı yazdırıb. +90 kq çəkidə Ramazan Əhmədov turnirin gümüş medalçısı olub.
81 kq çəkidə mübarizə aparan cüdoçu Hüseyn Eyvazlı yarışı 5-ci yerdə tamamlayıb.
Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.