Rusiya və Belarusa qarşı sanksiya qüvvədə qaldı - European Atletics
ESTAFET/ Bu çərşənbə Avropa Atletika Şurası Lozannada növbəti iclasını keçirib. İclasda əsas məqsəd gələn ay keçiriləcək Avropa Atletika Konqresinə hazırlıqla bağlı gündəmdəki prinsipial maddələri müzakirə etmək idi.
İclasda həmçinin Ukraynadakı müharibə sona çatana qədər Avropa Atletikasının Rusiya və Belarus idmançılarına tətbiq etdiyi qadağa ilə bağlı mövcud mövqeyi bir daha təsdiqlənib.
Xatırladaq ki, Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra Ümumdünya Atletika Şurası 1 mart 2022-ci ildə Rusiya və Belarus federasiyalarına qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. Elə həmin tarixdə Avropa Atletika Şurası da yekdilliklə Ümumdünya Atletikasının mövqeyini dəstəkləyərək bu qərara qoşulmuşdu.
"Avropa Atletizmi 1 mart 2022-ci il tarixli bəyanatda qeyd olunan mövqeyi qətiyyətlə dəstəkləməkdə davam edir ki, Rusiyadan və Belarusdan olan bütün idmançılar, yardımçı heyət və digər rəsmilər yaxın gələcəkdə Avropa Atletikasının hər hansı tədbirində iştirakdan kənarlaşdırılsınlar. Ukraynada müharibənin bir ildən artıqdır davam etdiyi bir vaxtda Avropa Atletika Şurası göstərmək istəyir ki, biz Rusiya və Belarus idmançılarına, yardımçı heyətə və digər rəsmilərə təkcə yarışlarda deyil, eyni zamanda bütün tədbirlər və fəaliyyətlərdə iştiraklarına qadağa qoyulması ilə bağlı mövqeyimizdə tərəddüd etməmişik. Müharibə Ukrayna üçün dağıdıcı olub və bir idman təşkilatı kimi Avropa Atletikası qeyd edir ki, bura Ukraynanın idman infrastrukturu və idmançıları daxildir. Biz Ukrayna Atletika Federasiyasına dəstəyimizi davam etdirəcəyik ki, bu ölkənin idmançıları Ukraynadakı faciəvi vəziyyətə baxmayaraq öz potensiallarını aça bilsinlər" - Avropa Atletikasının prezidenti Dobromir Karamarinov bildirib.