"Tarixin dərsləri" layihəsinə start verilib

Martın 29-da Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə “Tarixin dərsləri” layihəsinə start verilib. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin Akademiyadakı büstü qarşısına əklil qoyulub, Ümummilli Liderin və Vətən Müharibəsi Şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yda edilib.

Layihənin ilk qonağı müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik, Velosiped Federasiyasının prezidenti Mədət Quliyev olub.

Diskusiya şəraitində keçirilən müzakirədə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısında misilsiz xidmətlərindən, siyasi və dövlət xadimi kimi təcrübəsindən, vətəndaşlıq mövqeyindən, dövlətimizin möhkəmlənməsi və inkişafı üçün atdığı addımlardan bəhs edilib.

Tədbirdə gənclər və idman nazirinin müavinləri İndira Hacıyeva, Fərhad Hacıyev, Akademiyanın rektoru Fuad Hacıyev, Akademiyanın tələbə və müəllim heyəti, Gənclər Evlərinin rəhbərləri və metodistləri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası İdarə Heyətinin üzvləri, ATGTİ fəalları və gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV