Yeniyetmə cüdoçulardan ilk gündə 7 medal
ESTAFET/ Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa kubokunda Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.
Turnirin ilk günündə 8 çəki dərəcəsində 18 cüdoçumuz tatamiyə çıxıb.
Qızlar arasında -48 kq. çəkidə Vüsalə Hacıyeva və -52 kq. çəkidə Xədicə Qədəşova bürünc medal qazanıblar. -52 kq. çəkidə yarışan cüdoçumuz Aytən Verdiyeva yarışı 7-ci yerdə başa vurub.
Oğlanlar arasında -55 kq. çəkidə final görüşündə iki cüdoçumuz Ayxan Mirzəzadə və Fərid Qarayev qarşılaşıb. Nəticədə Fərid Qarayev qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Mirxaliq İskəndərov bürünc medala sahib olub. -60 kq. çəkidə Məhəmməd Musayev və -66 kq. çəkidə Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.