Biləsuvar rayonunda məktəblilər arasında minifutbol turniri keçirilib
ESTAFET/ Azərbaycan Respublikası Gənclər Fondu və "Müasir Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin dəstəyi ilə Biləsuvar Olimpiya İdman Kompleksində məktəblilər arasında minifutbol turniri keçirilib.
Şəhid futbolçu Nəriman Əlizadənin xatirəsinə həsr olunmuş turnirdə 16 komanda birincilik uğrunda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbin komandası 1-ci yer, Xırmandalı kənd 2 saylı tam orta məktəbin komandası 2-ci, Xırmandalı kənd 1 saylı məktəbinin komandası isə 3-cü yerin qalibi olub. Qaliblər kubok, medal və fəxri fərmanlarla təltif ediliblər.
Qeyd edək ki, Tural Əhmədlinin rəhbəri olduğu “Şəhid futbolçu Nəriman Əlizadənin xatirəsinə həsr olunmuş məktəblərarası minifutbol turniri” layihəsi Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihə Biləsuvar Rayon Gənclər və İdman İdarəsi, Biləsuvar Gənclər Evi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə baş tutub.