AIPS Europe ermənilərin barbarlığı ilə bağlı bəyanat yaydı

ESTAFET/ Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) qitə təşkilatı olan Avropa İdman Mətbuatı İttifaqı (AİPS Europe) İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması ilə nəticələnən hadisəni pisləyən bəyanat yayıb.

Bəyanatın mətni ilə tanış olun:

“Avropa İdman Mətbuatı İttifaqı (AİPS Europe) 2023-cü il aprelin 14-ü Yerevanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı yaşanmış insidentlə bağlı Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) və Avropa Ağır Atletika Federasiyasının (EWF) ciddi narahatlığını bölüşür.

AIPS Europe bunu idman dəyərlərinə qarşı məsuliyyətsiz və təəssüf doğuran addım kimi qiymətləndirir. 

AIPS Avropa idman ruhunda sülh və insan hüquqlarına hörmət kimi Avropa dəyərləri ilə həmrəyliyini davam etdirməkdə qətiyyətini saxlayır.

İnanırıq ki, idman dəyərləri dinc dünyanın qurulmasına töhfə verməkdə davam edəcək".

Qeyd edək ki, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının birinci vitse-prezidenti Nərgiz Mahmudzadə AIPS Europe İcraiyyə Komitəsinin üzvüdür.

Müəllif: Natiq NƏSİROV