Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası təşkil edilib

ESTAFET/ Bakı Şəhər Halqası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası təşkil edilib

20 aprel tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BŞH-nın rəsmiləri və əməkdaşlarının, eyni zamanda könüllülərin və marşalların iştirakı ilə keçirilən ağacəkmə aksiyası zamanı ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Aksiyaya qoşulan marşalların arasında builki Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində ekologiya və ətraf mühitə  dəstək göstərən yaşıl postun üzvləri də var idi.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara  qayğı ənənələrini davam etdirməkdir.

Xatırladaq ki, BŞH Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı olaraq, Formula 1-in qlobal dayanıqlı inkişaf strategiyası çərçivəsində 2030-cu ilə kimi karbon tullantılarının sıfıra endirilməsi təşəbbüsünə qoşulub və bugünədək əsas məqsədi planetimizin qorunması olan müxtəlif tədbirlərin həyata keçirilməsində yüksək peşəkarlıq sərgiləyib.

Qeyd edək ki, paytaxtımızda yeddinci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində  baş tutacaq.

Müəllif: Natiq NƏSİROV