10-cu dəfə finalın bir addımlığında
ESTAFET/ Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
Sonuncu oyun günündə “Qəbələ” “Səbail”lə üz-üzə gələcək.
Finala vəsiqə qazanmaq üçün mübarizə aparan “qırmızı-qaralar” ilk görüşdə 3:2 hesabı ilə qalib gəlib. “Qəbələ” cari mövsüm kubokda məğlubiyyətsiz irəliləyir. 1/8 finalda “Araz Naxçıvan” (5:0), 1/4 finalda “Qarabağ”la (2:2, 1:0) görüşən “Qəbələ” 4 matçda 3 qələbə və 1 heç-heçəyə nail olub.
Bu, klub tarixində 10-cu yarımfinal duelidir. Kubokda 2005/06 mövsümündə debüt edən “qırmızı-qaralar” 18 cəhddən 8-də mübarizəni daha erkən dayandırıb.
Əvvəlki 9 yarımfinaldan dördündə mərhələ adlayan “Qəbələ” bir dəfə (2018/19) kubokun qalibi, üç dəfə (2013/14, 2016/17, 2017/18) finalçısı olub. Dörd dəfə “qırmızı-qaralar” mövsümü yarımfinalda başa vurub. Koronavirus pandemiyası üzündən yarımçıq qalan 2019/20 mövsümündə isə bu mərhələnin görüşləri baş tutmayıb.
“Səbail” üzərində qazanılan qələbə yarımfinalın ilk oyunlarındakı 4-cü uğurlu nəticədir. Əvvəlki üç cəhddə komanda üstünlüyünü əldən verməyərək finala adlayıb.
Ümumilikdə isə “ASCO Arena”dakı qarşılaşma kubokda 79-cu sınaq olacaq. 42 qələbə və 19 heç-heçəsi olan “qırmızı-qaralar” 17 dəfə uduzub. 131 qol vuran “Qəbələ” futbolçuları 75 top buraxıblar.