Şəfəq Hüseynli Avropa Şurasının antidopinq fəaliyyətini əlaqələndirəcək və ona nəzarət edəcək
ESTAFET/ Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa Şurası Antidopinq Konvensiyasının ali qurumu olan Monitorinq Qrupunun sədr müavini vəzifəsinə seçilib. Bu barədə 28 aprel 2023-cü il tarixində Strasburqda Avropa Şurası Antidopinq Konvensiyasının rəhbər qurumlarına keçirilən seçkilərdə qərar verilib. Monitorinq Qrupu 52 ölkənin nümayəndə heyətindən və müşahidəçi beynəlxalq təşkilatlardan (Ümumdünya Antidopinq Agentliyi, Beynəlxalq Olimpiya Komitəsi, UNESCO, və s.) ibarətdir. Monitorinq Qrupunun vəzifəsi Antidopinq Konvensiyasının bütün üzv dövlətlərdə icrasına nəzarət etməkdir.
Antidopinq Konvensiyasının ali qurumunun Sədr müavini vəzifəsində Ş. Hüseynli Antidopinq Konvensiyasının üzv dövlətlərdə lazımi icrası üçün strateji istiqamətlər, qərar layihələri, eləcə də Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən qəbul edilməsi üçün tövsiyə xarakterli icra sənədləri hazırlayacaq. Eyni zamanda üzv dövlətlərdə Antidopinq Konvensiyasının icrasına nəzarət edilməsini əlaqələndiricək.
Bununla yanaşı, Ş. Hüseynli Avropa Şurasının digər rəhbər qurumu olan Koordinasiya Qrupuna üzv olacaq. Koordinasiya Qrupunun üzvü olaraq, Avropa Şurasının bütün antidopinq fəaliyyətini hazırlamaq, əlaqələndirmək və ona nəzarət etmək vəzifəsi də Ş. Hüseynliyə həvalə edilib.
Seçilməsi barədə Ş. Hüseynli deyib: “Avropa Şurasının Antidopinq Konvensiyası Monitorinq Qrupunun sədr müavini seçildiyim üçün çox məmnunam. Avropa Şurasının katibliyinə və üzv dövlətlərə etimada görə minnətdarlığımı bildirirəm. Ölkə başçısı cənab İlham Əliyevin fərmanı ilə antidopinq siyasətinin beynəlxalq standartlara uyğun həyata keçirilməsi üçün yaratdığı şərait və dəstək nəticəsində biz dünyada qlobal antidopinq hərəkatında nümunəvi təşkilatlardan biriyik. Qlobal çərçivədə bir çox işlər görürük. Mən Avropa Şurasının bu ali qurumunda növbəti iki il ərzində həm bizim, həm də digər idmançıların beynəlxalq arenada bərabər rəqabət aparmasını təmin etmək üçün innovativ həllər və təkmilləşdirmə layihələri irəli sürməyə hazıram."
Qeyd edək ki, Ş. Hüseynliyə bu vəzifələri yerinə yetirməsi üçün 4 sahə üzrə (uyğunluq, hüquq, təhsil və elm) məsləhətçi qrupların rəhbərləri dəstək olacaq. Ümumi olaraq, Antidopinq Konvensiyasının rəhbərlik heyəti Kipr (sədr), Azərbaycan (sədr müavini), Fransa (hüquq üzrə məsləhətçi), Polşa (uyğunluq üzrə məsləhətçi), Birləşmiş Krallıq (elm üzrə məsləhətçi) və Niderland (təhsil üzrə məsləhətçi) ölkələrindən ibarət olacaq. Səlahiyyətlərin icrası müddəti seçkilərin keçirilməsinin növbəti günündən başlayır.