“Şuşa” BƏƏ-də keçirilən futvoley üzrə beynəlxalq turnirin qalibi olub
ESTAFET/ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində futvoley üzrə beynəlxalq turnir keçirilib.
Beynəlxalq Futvoley Federasiyasının prezidenti, həmyerlimiz Vüsal Xəlilov turnirin açılış mərasimində çıxış edərək, yarışda iştirak edən komandaların üzvlərini salamlayıb, ulu öndər Heydər Əliyevin fəaliyyəti və Azərbaycan xalqı qarşısındakı xidmətləri barədə məlumat verib.
Ölkəmiz turnirdə “Şuşa” komandası ilə təmsil olunub. Komandamızın heyətində futvoley üzrə dəfələrlə beynəlxalq yarışların qalibi olmuş məşhur braziliyalı futvoleyçilər Anderson Aguia və Eduardo Dos Santos da çıxış ediblər.
Komandamız qrup oyunlarında Danimarka, Braziliya və BƏƏ komandalarına qalib gələrək qrup birincisi olub.
Daha sonra ¼ final mərhələsində Türkmənistan komandası ilə qarşılaşan “Şuşa” yarımfinala yüksəlməyi bacarıb.
Yarımfinalda İsrail komandasını məğlub edən komandamız finalda çox güclü İtaliya komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən final oyununda “Şuşa” italyanları 2:0 hesabı ilə məğlub edərək, turnirin qalibi adına sahib olub.
Bildiririk ki, komandamız keçirdiyi bütün oyunlarda 2:0 hesablı nəticələrlə qalib gəlib.
Qeyd edək ki, beynəlxalq turnir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib.