Parisdə Avropa Olimpiya Komitəsinin növbəti seminarı keçirilir
Fransanın paytaxtı Paris şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü seminarı start götürüb.
Tədbirdə Azərbaycan nümayəndə heyətini Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Baş katibi Azər Əliyev və Xarici Əlaqələr departamentinin müdiri Anar Bağırov təmsil edirlər.
Avropa İdman Həftəsi çərçivəsində təşkil olunan seminarda AOK-un 2030-cu ilə qədər Strateji Gündəliyinin hazırlanması istiqamətində əldə edilmiş irəliləyişlər və digər strateji məsələlərlə bağlı müzakirələr aparılıb.
Tədbir çərçivəsində “Krakov-2023” Avropa Oyunları, “Maribor-2023” Avropa Gənclərinin Olimpiya Festivalı, “Paris-2024” Yay Olimpiya Oyunları və “Milano-2026” Qış Olimpiya Oyunlarına dair fəaliyyət planı Təşkilat Komitələri tərəfindən təqdim olunaraq müzakirələr aparılıb.
Əlavə olaraq, seminar çərçivəsində “İdmanda davamlılıq”, “Gender bərabərliyi”, “MOK-ların miqrant böhranını idarə edilməsi”, “Cəmiyyətə idmanın təsiri və sosial inteqrasiya”, “İdmanda yüksək texnologiyalar” mövzularında müzakirələr aparılıb.
Həmçinin, AOK-un seminarı çərçivəsində qış idman növləri üzrə VIII “Pyotr Nurovski – Avropanın ən yaxşı gənc idmançısı” mükafatının qalibi müəyyənləşəcək.