“Mançester Siti”də 2.3 milyonluq mükafat

“Mançester Siti” bu mövsüm trebl edəcəyi halda, əsas heyət futbolçuları 2 milyon funt-sterlinqdən çox (2.3 milyon avro) qazanc əldə edəcəklər.

“The Times”-ın xəbərinə görə, “şəhərlilər” Çempionlar Liqasını qazansa, futbolçular 1 milyon funt-sterlinq, İngiltərə çempionatının qalibi olsalar, 750 min funt-sterlinq, Federasiya kubokunda birinci yerə çıxsalar, 300 min funt-sterlinq qazanacaqlar.

Qeyd olunan məbləğlər ədalətli şəkildə bölüşdürüləcək. Heyətdə yer alan gənc futbolçular, eyni zamanda, daha az oyun şansı qazanan oyunçular az miqdarda məbləğlə mükafatlandırılacaqlar.

“Mançester Siti” ölkə çempionatının 37-ci turunda “Çelsi”ni məğlub etsə və ya “Arsenal” səfərdə “Nottingem Forest”ə uduzsa, Pep Qvardiolanın komandası Premyer Liqanın qalibi olacaq.

“Şəhərlilər” iyunun 3-də İngiltərə Federasiya kubokunun finalında “Mançester Yunayted”lə üz-üzə gələcək.

Qvardiolanın yetirmələri iyunun 10-da isə Çempionlar Liqasının finalında “İnter”lə çempionluq uğrunda mübarizə aparacaq.

Müəllif: Orxan NOVRUZOV