Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən kütləvi qaçış tədbiri keçirilib

ESTAFET Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən kütləvi qaçış tədbiri keçirilib.

Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və  Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi,  Race.az komandasının və Baku Marafon Klubunun  tərəfdaşlığı ilə baş tutan yarışda 200 nəfərə yaxın iştirakçı mübarizə aparıb. Açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov bu cür tədbirlərin ölkəmizdə atletika idman növünün kütləviliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Gəncə Şəhər İcra başçısının birinci  müavini Səməd Tomuyev və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

Ümumilikdə 11 km məsafəni əhatə edən yürüşdə qaliblər müxtəlif kateqoriyalar üzrə müəyyən olunub. Heydər​ Əliyev parkında startı verilən yürüşdə ümumi kateqoriyada ​kişilərdə Toğrul Məmmədli , qadınlarda isə Anna Yusubova qalib adını qazanıb. 40 yaşdan yuxarı kişilər arasında ​ Ceynur Əhmədov , qadınların mübarizəsində isə​ ​Leyla Abidinova  finişə birinci gəliblər. 50 yaşdan yuxarı iştirakçılar arasında Yadigar Hüseynov və  Alyona Süleymanova bütün rəqiblərini qabaqlayıblar. Yaşı 60-dan çox olan iştirakçılardan Tapdıq Dadaşov fərqlənib. Region təmsilçiləri isə 6 km məsafəyə qaçışda mübarizə aparıblar. Burada  Gəncədən olan Səməd Əhmədov və Fidan Yusifova baş mükafata sahib çıxıblar. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Müəllif: Bəhruz MƏMMƏDOV