MOK-da Zemfira Meftahətdinovanın 60 illik yubileyinə həsr olunan tədbir keçirilib
ESTAFET/ Bu gün MOK-un inzibati binasında Azərbaycanın Olimpiya çempionu, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinovanın 60 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, olimpiya çempionları, veteran idmançılar, müxtəlif federasiyaların nümayəndələri və yubilyarın ailə üzvləri iştirak ediblər.
MOK-dan verilən məlumata görə, əvvəlcə tədbir iştirakçılarına Zemfira Meftahətdinovanın idman karyerasından bəhs edən reportaj təqdim olunub. Olimpiya çempionu, Litva Olimpiya Komitəsinin prezidenti Daina Gudzineviciute, dünya çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı Svetlana Demina, dünya çempionu Valeriy Timoxin və başqa tanınmış idmançıların həmçinin MOK əməkdaşlarının təbrik mesajlarından ibarət xüsusi videoçarxlar Zemfira Meftahətdinovanı sevinc göz yaşlarına səbəb olub.
Tədbirdə çıxış edən Çingiz Hüseynzadə Zemfira Meftahətdinovanı Beynəlxalq Olimpiya Komitəsi tərəfindən “The Women and Sport” mükafatı ilə təltif olunduğunu qeyd edib. Çingiz Hüseynzadə Zemfira Meftahətdinovanı Azərbaycan idmanın ən görkəmli nümayəndələrindən biri hesab etdiyini bildirib.
Gənclər və idman naziri Fərid Qayıbov da Zemfira Meftahətdinovaya təbrik sözlərini çatdırıb: “Zemfira xanımla son iki ildə daha yaxından tanış olmuşam. O, həm də çox yaxşı insandır, müstəqil Azərbaycanın ilk qadın Olimpiya çempionudur. İstərdim ki, onun qızı da Olimpiya çempionu olsun. Zemfira xanımın çalışdığı sahədə də nailiyyətlərinin davam edəcəyinə inanıram”.
Bundan başqa, Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Asif Əsgərov, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Olimpiya çempionları Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli, veteran idmançılar Yaqub Məmmədov, Rafiq Hacıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, stent atıcılığı üzrə məşqçi Nazim İbrahimov, Əməkdar məşqçi İsmayıl İsmayılov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Daxili İşlər Nazirliyinin əlbəyaxa döyüş növləri üzrə məşqçisi Rəsul Məmmədov da çıxış edərək, Zemfira Meftahətdinovanı təbrik ediblər.
Tədbirin təşkilini özü üçün böyük hədiyyə adlandıran Zemfira Meftahətdinova qazandığı nailiyyətlərə görə məşqçilərinə minnətdarlığını bildirib:
“Mənim idmançı və bir insan kimi formalaşmağımda məşqçimin əməyi böyük olub. Burada əyləşənlərin hər biri mənim üçün əzizdir. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Onların idmançılara qayğısı idmançılarımızın uğurlar qazanmasında müstəsna rol oynayır”.