Zaqatala rayonunda "Sağlam məhəllə" idman zonası istifadəyə verilib

İyunun 10-da Zaqatala rayonunda "Sağlam məhəllə" idman zonası istifadəyə verilib. Burada minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib. Açılışda gənclər və idman naziri Fərid Qayıbov, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, idman səfirləri Aynur İmanova, Aliyə Paşayeva da iştirak ediblər.

Açılış zamanı Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və rayon sakinləri çıxış edərək layihəyə görə Gənclər və İdman Nazirliyinə təşəkkür ediblər.

"Ocaq Sport" klubunun gimnastları, Zaqatalanın qızlardan ibarət futbol və basketbol komandalarının idmançıları uşaqlara master-klass keçib, müxtəlif idman hərəkətləri öyrədiblər.

"Sağlam məhəllə" layihəsini Gənclər və İdman Nazirliyi “Qala Sığorta"nın dəstəyi ilə, əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə həyata keçirir.

Müəllif: Bəhruz MƏMMƏDOV