İyunun 15-də Mingəçevirdə "Şahin" hərbi-idman oyunlarının final mərhələsi keçirilib

Yarışdan öncə final mərhələsinin iştirakçıları Mingəçevir şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra torpaqlarımızın işğaldan azad edilməsində canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Kür Olimpiya Tədris-İdman Mərkəzi ərazisində hazırlanmış xüsusi zonada təşkil edilən final oyunu təntənəli açılış mərasimi ilə başlanıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Müdafiə Nazirliyinin idarə rəisi polkovnik Elşad Əbilov çıxış edərək iştirakçı komandalara uğurlar arzulayıblar.
Rəsmi mərasimdən sonra iştirakçılar yarış keçirilən zonaya Azərbaycan bayrağı ilə hərbi orkestrin ifası altında təntənəli marşla keçiblər. Xüsusi təyinatlı hərbçilərin nümunəvi çıxışlarından sonra, yarış iştirakçılarının mübarizəsinə start verilib.
Yekun nəticələrə əsasən, qalib adını "İsmayıllı" komandası qazanıb. İkinci yeri "Sumqayıt", üçüncü yeri isə "Nizami" komandaları tutublar.
Yarışda Müdafiə Sənayesi Nazirliyi tərəfindən tabeli birlik və müəssisələrdə istehsal olunan müxtəlif növ silahların, sursatların və Pilotsuz Uçuş Aparatlarının xüsusi sərgisi təşkil edilib.
