Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatına hazırlıqları davam edir
Təlim-məşq toplanışına Bakıda start verən yığmamız fiziki məşqlərin ardından artıq toplarla məşqlərə keçib. Məşqlər hər gün baş məşqçi Ataman Güneyligilin rəhbərliyi ilə Voleybol Mərkəzində təşkil olunur. Türkiyəli mütəxəssisə yerli məşqçilərimiz Emin Əbilov və Famil Ağayev də kömək edir. Komandamızın hazırlığının növbəti mərhələlərinin ölkə xaricində keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 33-cü Avropa çempionatı bu il 15 avqust-3 sentyabr tarixlərində Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi ilə keçiriləcək. Azərbaycan millisi ardıcıl 10-cu dəfə qitənin ən nüfuzlu turnirində iştirak edəcək. Komandamız Almaniyanın ev sahibi olduğu C qrupunda yer alıb. Rəqiblərimiz meydan sahibi ilə yanaşı, Türkiyə, Çexiya, Yunanıstan və İsveç kollektivləridir. Qrup mərhələsində ilk dörd yeri tutacaq komandalar pley-off mərhələsinə yüksələcəklər.