Landau Şahmat Festivalı başa çatdı

LANDAU School-un Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə dəstəyi ilə keçirdiyi yeniyetmələr arasında Landau Şahmat Festivalında qaliblərin mükafatlandırma mərasimi keçirilib.
Sayca ikinci dəfə keçirilən yarışın bağlanış mərasimində çıxış edən LANDAU School-un idarə heyətinin üzvü Timur Leznik uşaqlara gələcək şahmat yarışlarında uğurlar arzulayıb. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Faiq Həsənov isə LANDAU Şahmat Festivalının idman sahəsində gözəl ənənə olduğunu bildirib.
Nəticələr açıqlandıqdan sonra LANDAU School-un idarə heyətinin üzvü Timur Leznik, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov və şahmat üzrə yeniyetmələr arasında ikiqat dünya çempionu, ikiqat Avropa çempionu və dördqat Azərbaycan çempionu Abdulla Qədimbəyli qaliblərə medal, diplom və qiymətli hədiyyələri təqdim edib. Qeyd edək ki, hər yaş qrupunda oğlanlar və qızlar arasında I yeri tutan şahmatçılar LANDAU School tərəfindən 4-15 sentyabr 2023-cü il tarixlərində Rumıniyanın Mamaya şəhərində keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam ediləcək.
Cansu Əlizadə, Cavad Abbasoy (8 yaşadək qızlar və oğlanlar), Məryəm Məmmədova, Ömər Oruczadə (10 yaşadək qızlar və oğlanlar), Rəna Ağamirzəyeva, Cəmaləddin Maqsudsoy (12 yaşadək qızlar və oğlanlar), Aişə Əliyeva, Məhəmməd Bağırov (14 yaşadək qızlar və oğlanlar) yarışın qalibi adını qazanıb. Müxtəlif yaş qruplarında Sara Əliyeva, Turqut Əli, Xanımzər Hümbətli, Tunar Qarayev, Nuray Kazımzadə, Şamil Qurbanov, Sara Kərimzadə, Məhəmməd Sarıyev ikinci yeri tutub. Zəhra Sadıqova, Toğrul Abbasoy, Səadət Kərimli, Tuncay Rüstəmov, Duyğu Hüseynli, Əli İsgəndərli, Nuray Qafarlı və Fərid Cabbarlı bürünc medala layiq görülüb.
