Baş məşqçisi İqor Olefir Azərbaycan çempionatı haqqında fikirlərini bölüşüb

Çimərlik voleybolu üzrə milli komandamızın baş məşqçisi İqor Olefir Azərbaycan çempionatı (I mərhələ) haqqında fikirlərini bölüşüb.

Çimərlik voleybolu Azərbaycan kimi ölkədə yüksək səviyyədə keçirilməlidir. FIVB-də üzvlüyümüzü bərpa etmişik. Beynəlxalq yarışlarda iştirak etmək üçün biz ölkədə bu sahəni inkişaf etdirməliyik. Minimum 3, 4 mərhələli çempionat keçirməliyik. Bunun hesabatını FİVB-yə göndəririk. Düşünürəm ki, Azərbaycan çempionatının birinci mərhələsi uğurla baş tutdu. Meydançalar gözəl və yüksək səviyyədə qurulub. Reklam və informasiya cəhətdən gözəl təminat var. Başlanğıc belədirsə, düşünürəm ki, davamı da yaxşı olacaq. Yaxın vaxtlarda ola bilsin ki, hansısa rayonda dəniz kənarında bir yarış təşkil etməyi planlaşdırırıq. Müvafiq avadanlıqları da həmin yerə aparıb növbəti mərhələləri və ya kubok yarışı keçirmək istəyirik. Orada istirahət edənlər, gənclər də vaxtlarını səmərəli keçirərlər. Və bununla çimərlik voleybolunun səviyyəsi yüksələr, insanların marağı da artar.

Çempiomatda Həvəskarlar və gənclərdən ibarət komandalar üçün təsnifat turniri keçirildi. Kişilərin qrupunda kifayət qədər komanda var idi və bunlardan 16-sı əsas mərhələyə adlayıb. Burada həm qadınlar, həm də kişilərin mübarizəsində gənclər və professional voleybolçular yarışıb. Əlbəttə səviyyə kifayət qədər yüksək deyil, lakin biz buna doğru gedirik. Gənclər səviyyələrini bir qədər artırıblar. Bütün çatışmazlıqlarımızı görmək üçün bizə çox oynamaq lazımdır.

Qarşıda çempionatın ikinci mərhələsi və final etapı var. Həmçinin Heydər Əliyev kuboku da keçiriləcək.

Bu və digər işlərlə biz Azərbaycanda çimərlik voleybolunun səviyyəsini yüksəltməyə çalışırıq və inanıram ki, buna nail olacağıq.

Müəllif: Bəhruz MƏMMƏDOV