ACF prezidenti yeniyetmə cüdoçularla görüşüb

ESTAFET/ 3 iyulda Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının heyətini qəbul edib.

Federasiya prezidenti onları 22-25 iyun tarixilərində Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında əldə edilən tarixi nəticəyə görə təbrik edib və turnir boyunca komanda üzvlərinin fədakarlıq və əzmkarlıq göstərdiklərini vurğulayıb: “Bu nəticələr bizə gələcəyə ümidlə baxmağa imkan verir”.

Rəşad Nəbiyev idmançıların beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil etmək imkanı yaradan təlim-məşq toplanışlarında davamlı iştirakının önəmindən danışıb. Federasiya prezidenti qızların beynəlxalq turnirlərdə əldə etdikləri nəticələrin müsbət istiqamətdə inkişaf etməsinə diqqət çəkib və Federasiyanın ölkədə qadın cüdosunun inkişafı həyata keçirdiyi tədbirlərin ortamüddətli və uzunmüddətli dövrlərdə bu nəticələrin daha da yaxşılaşmasına ciddi töhfə verəcəyinə inandığını qeyd edib

Rəşad Nəbiyev qarşıdan gələn Avropa Gənclər Yay Olimpiya Festivalı, MDB Oyunları və Dünya Çempionatı kimi mötəbər yarışlarda milli komandanın heyətinə uğurlar arzulayıb.

Görüş zamanı yeniyetmə cüdoçuların təhsillərinə və ümumi dünyagörüşlərinin inkişaflarına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanaraq bu istiqamətdə müvafiq tapşırıqlar verilib.

Görüşdə ACF-in prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və federasiyanın digər rəsmiləri də iştirak ediblər.

Qeyd edək ki, cüdo millimiz Avropa çempionatının fərdi yarışlarında 6 qızıl və 3 bürünc medal olmaqla 9 medal əldə edib və medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yerə, qızlar arasında isə 4-cü yerə sahib olub. Qarışıq komanda yarışlarında isə cüdoçularımız qızıl medal qazanıb.

Müəllif: Natiq NƏSİROV