Seçmə mərhələ çərçivəsində xüsusi təlim-məşq oyunu keçirilib

ESTAFET/ Paytaxtımızın ilk dəfə ev sahibliyi etdiyi çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə əsas seçmə mərhələsi zamanı bu sahəyə marağı olan bir qrup autizmli və Daun sindromlu uşaqlar peşəkar futbolçularla xüsusi təlim-məşq oyununda görüşüb.

“Hər şey mümkündür” adlı sosial layihə çərçivəsində təşkil olunmuş oyunda 20-ə yaxın uşaq iştirak edib. Tədbirə Azərbaycan Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri, Dünya Çimərlik Futbolu Təşkilatı, Azərbaycan Çimərlik Futbolu Federasiyasının rəsmiləri də qatılıb. Oyun Bakı Su İdman Sarayının nəzdində fəaliyyət göstərən Avropa Oyunları Parkında baş tutub.

Bir saata yaxın davam edən matçda qonaqlar müxtəlif Avropa yığmalarının futbolçuları ilə yarışıb fiziki məhdudiyyətlərinə baxmayaraq, idmanın bütün maneələri yıxmağa qadir olduğunu bir daha sübut ediblər. Bir daha qeyd olunub ki, idmanla məşğul olmaq fiziki qabiliyyətindən asılı olmayaraq fərdlərdə özünə inam yaradır və şəxsi inkişafa töhfə verir.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə baş tutan seçmə mərhələ iyulun 9-da yekunlaşacaq.

Seçmə mərhələnin ən yaxşı dörd komandası növbəti ilin fevralında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV