Yunan-Roma güləşçilərimiz AÇ-də 7 medal qazandı
Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatına yekun vurulub.
Yarışın son 2 günündə yunan-Roma güləşçiləri mübarizə aparıb.
38 kq
Abdurrəhman Hüseynli debütdə türkiyəli Barış Soyluyla bacarmayıb - 0:8. Əvəzində Qurban Məcnunov Soylunu 6:2 hesabıyla üstələyərək 1/4 finala yüksəlib. Ancaq rusiyalı Emil Amirov keçilməz olub - 0:9. Məcnunov təsəlliverici görüşdə bolqarıstanlı Danimir Yordanova heç bir şans tanımasa da (8:0), bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Qerqo Zatkoya uduzub - 9:11.
41 kq
Ayxan Əsədli 1/8 finalda türkiyəli Yusuf Kayaya 5:8 hesabıyla məğlub olub.
44 kq
Hikmət Haqverdiyev moldovalı Vlad Danilaya 9:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, hollandiyalı Mate Van Osa 5:8 hesabıyla uduzub.
48 kq
Əli Nəzərov rumıniyalı Vlad Triplə moldovalı Vlad Duminikaya 9:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Elşad Abbasov isə macarıstanlı Balint Kazinçiyə heç bir şans tanımayıb - 8:0. 1/4 finalda milli üzvləri qarşılaşıb. Nəzərov 3:2 hesablı qələbəyə sevinib. Əli yarımfinalda gürcüstanlı Simoni Basiliyaya sonuncu xal prinsipinə əsasən (2:2) qalib gələrək finala yüksəlib. Ancaq rusiyalı Danil Lojkinlə həlledici görüşdə 8:10 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib. Abbasov isə əvvəlcə Tripə (8:0), daha sonra isə gürcüstanlı Basiliyaya (6:3) hesabıyla qalib gələrək bürünc medal qazanıb.
52 kq
Nihad Məhərrəmov rusiyalı Arunat Bayramovla (11:3) gürcüstanlı Luka Xaindravaya (3:1) qalib gələrək 1/4 finala yüksəlib. Marat Ağakərimov isə italiyalı Françesko Bufisə 8:0 hesabıyla qalib gələrək eyni mərhələyə adlayıb. Yığma üzvlərinin qarşılaşmasında sevinən tərəf Marat olub - 9:0. Ağakərimov yarımfinalda moldovalı Alin Çitiçdən güclü olub - 6:1. Maratın da çempionluq arzusunun reallaşmasına Rusiya güləşçisi imkan verməyib. Marat Marqiyevə 1:4 hesablı məğlubiyyət Ağakərimovun gümüş medalı boynundan asmasıyla nəticələnib. Məhərrəmov isə Bufislə (8:0) Çitiçdən (7:0) güclü olub və fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
57 kq
Məhəmməd Ələkbərli bolqarıstanlı Aleks Nikolova 8:0 hesabıyla qalib gəlsə də, 1/8 finalda rusiyalı Mark Kozırevə 0:8 hesabıyla uduzub. Ələkbərli təsəlliverici görüşdə moldovalı Maksim Damaşkini (12:4) çətinlik çəkmədən mübarizədən kənarlaşdırsa da, ermənistanlı Janes Nazaryana (1:3) hesabıyla məğlub olub.
62 kq
Nicat Yeylaqaliyev finlandiyalı Matias Onnenlehtoya (10:0), litvalı Rikardas Taujanskisə (8:2), macarıstanlı İmre Kolompara (tuş), fransalı Amjad Lambreyə (8:0), gürcüstanlı Saba Kutçoşviliyə (14:2) və moldovalı İqnat Meikoya (10:2) qalib gələrək Avropa çempionu olub.
68 kq
Yusif Əhmədli rusiyalı Saveliy Vinoqradova (9:0), gürcüstanlı Saba Vanadzeyə (11:2) və macarıstanlı Ferenç Budaya (9:0) tam üstünlüklə qalib gələrək Avropa çempionu olub.
75 kq
Rihad İbrahimli türkiyəli Yusuf Keskinkayaya 9:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, gürcüstanlı Luka Martiaşviliyə 0:8 hesabıyla məğlub olub. İbrahimli təsəlliverici görüşdə bolqarıstanlı İskren Qovedarovu "tuş"la məyus etsə də, bürünc medal uğrunda qarşılaşmada moldovalı Nikita Apostola eyni formada uduzub.
85 kq
Rüfət Əlizadə latviyalı Ernests Stabinslə (11:0) italiyalı Loris Tuççiyə (9:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında rusiyalı Vadim Draquşana uduzub - 0:6. Rüfət gürcüstanlı Temuri Simsiveyə 7:5 hesabıyla qalib gələrək bürünc medal qazanıb.
Beləliklə, millimiz Avropa çempionatında 2 qızıl, 2 gümüş və 3 bürünc medal əldə edib.