Fərid Novruzi: Çimərlik futbolu üzrə Dünya Çempionatı-2027 Bakıda keçirilə bilər

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə 2-9 iyul tarixlərində paytaxtımızda ilk dəfə olaraq, çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə seçmə mərhələsi keçirilib.

Bakı şəhərində ilk dəfə keçirilən bu oyunların təşkilatı işləri və nəticələri haqqında Çimərlik Futbolu Federasiyasının Prezidenti Fərid Novruzi danışıb:

- Fərid bəy, çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə seçmə mərhələsinin ölkəmizdə keçirilməsinin əhəmiyyəti haqqında fikir bildirməyinizi xahiş edirəm.

- Belə mötəbər turnirin Azərbaycanda keçirilməsi önəmli hadisədir, Azərbaycanın futbol ictimaiyyəti üçün əsl bayramdır. Bütün oyunlar böyük azarkeş ordusu tərəfindən izlənilib və dəstəklənib. Qeyd etmək istərdim ki, bu futbol bayramının ölkəmizdə təşkili Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AFFA və BŞH dəstəyi ilə mümkün olub, buna görə onlara təşəkkürümü bildiirirəm.  Biz isə öz növbəmizdə, göstərilən etimadı doğrultmaq və beynəlxalq idman tədbirlətinə daha tez-tez ev sahibliyi etməyə çalıçacağıq. Çimərlik Futbolu Federasiyası olaraq, dövlətimizin Azərbaycanı dünyada, o cümlədən, müxtəlif sahələrdə tanıdırmaq və diqqət çəkmək siyasətinə sadiq qalaraq, bu addımları atacağıq.   

- Milli komandamızın oyunları və onların nəticələri barədə nə deyə bilərsiniz?

- Bu mövzu ilə bağlı səmimi deyim ki, millimizin çıxışı ürəkaçan olmadı. Əsas qapıçımız Vaqif Şirinbəyevin ilk dəqiqələrdə “qırmızı vərəqə” alması oyunların gedişatı və nəticələrə ciddi təsir etdi.  Biz artıq neçə ildir ki, komandamızı Dünya Çempionatında iştiraka hazırlayırıq, Bakıda çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə seçmə mərhələsinin keçirilməsi təşəbbüsü isə dünya səviyyəsinə çıxmaq planının bir hissəsidir və bizim üçün bir fürsət idi. Bakıda seçmə mərhələsində oynayan komandalara qarşı əvvələr də oyunlarımız olub, hətta qalib də gəlmişik, bu dəfəki nəticələr hər birimizi üzdü.  Lakin, bu o demək deyil ki, biz mübarizəmizi dayandıracağıq. Futbol, digər idman növləri kimi bir oyundur və yüksək nəticələrin əldə edilməsi üçün əmək və əzmkarlıq tələb edir. Bakıda keçirilən oyunların nəticələri təhlil ediləcək və buraxılan səhflərin və mövcud olan boşluqların aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək. Azərbaycanda çimərlik futbolunun inkişafına nail olmaq əsas məqsədimizdir.  

- Azərbaycanda çimərlik futbolunun lazımi səviyyədə inkişafına mane olan nədir?

- Burada əsas və ən vacib məqam çimərlik futbolunun mövsümi oyun kimi qəbul olunmasıdır. Hər bir idman növünün, o cümlədən, idmançıların inkişaf etdirilməsi daimi məşqlərin keçirilməsini tələb edir. Azərbaycanda isə hazırda çimərlik futbolçuları oyunlara yalnız mövsümi aylarda hazırlaşır, bu da nəticələrə ciddi təsir edir. Baxmayaraq ki, belə turnirlərin keçirilməsi üçün beynəlxalq tələblərə uyğun açıq stadion şəhərimizdə var, analoji qapalı stadion yoxdur və Federasiya bu il ərzində bu məsələnin həllinə nail olmaqda israrlıdır. Bundan əlavə, Federasiya olaraq, artıq böyük klublarla danışıqlar aparırıq ki, hər klubun ayrıca çimərlik komandası olsun ki, həm milli, həm də beynəlxalq səviyyədə ölkəmizi təmsil etsin. Biz hətta uşaq futbolunun inkişaf etdirilməsi sahəsində işlər görürük.  Hazırda bu məsələlər danışıqlar səviyyəsindədir və ümid edirik ki, yaxın zamanlarda həllini tapacaq. Qeyd etdiyim kimi, komandanın fəaliyyətinin daimi olmaması nəticəsində, buraya həm sponsorların cəlb edilməsi, həm də yüksək göstəricilərin əldə edilməsi çətinləşir.     

- Dünya çempionatının Avropa üzrə seçmə mərhələsində Millimizin zəif çıxışı hansı dəyişikliklərin vacib olduğunu hesab edirsiniz?

- Hesab edirəm ki, artıq komandada, o cümlədən komandanın heyətində dəyişikliklər, yeniliklər etmək lazımdır, yeni simalar cəlb olunmalıdır. Hazırda yığmanın oyunçularının 80 faizi 10 ildən çoxdur komandanın üzvüdür. Bu məsələyə həm məşqçilər, həm seleksiyaçılar ciddi yanaşmalıdır. Qeyd edim ki, bu gün Avropada olan 10 güclü komandalardan biriyik, bu da böyük nailiyyətdir. Bundan sonra ən azı "5"liyə düşməliyik, Avropa və dünya çempionatlarında iştirak etməliyik.

- Məşqçinin də xaricdən cəlb olunması mümkündürmü?

- Baxmayaraq ki, komandamıza indiyə kimi əcnəbilər cəlb olunmayıb, məşqçi məsələsəində bu istisnalar zamanında olmuşdur. Braziliya Portuqalia mütəxissələri cəlb etmişdik, sonra isə indiki Baş məşqçı Zeynal Zeynalovla davam etdik. Ama nə vaxtsa Zeynal Zeynalovla yollarıımız ayrılsa, yenidən xarici məşqçinin cəlb olunmasını istisna etmirik.  

- Çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə seçmə mərhələsi yüksək səviyyədə təşkil olundu. Yeni hədəfiniz varmı?

- Əlbətdə var, Millimizin oyunu bizi qane etməsə də, bu oyunlardan həm nəticə cıxardıq, həm də çimərlik futbolu turnirinin təşkili sahəsində təcrübə əldə etdik. Turnirin təşkilatı bütün iştirakçılar tərəfindən yüksək səviyyədə qeyd olundu. Bildiyiniz kimi, Çimərlik futbolu üzrə Dünya Çempionatı-2027 üçün məkan seçimi var, hələ konkret heç bir ölkə ev sahibliyi statusunu almayıb. Hazırda məqsəd  bu yarışın Azərbaycanda keçirilməsinə nail olmaqdır. Bunun üçün ölkəmizdə hər bir şərait var. Düşünürəm ki, növbəti dünya çempionatı Bakıda keçirilə bilər.

Müəllif: Bəhruz MƏMMƏDOV