AVF 2023-cü ilin ilk altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) 2023-cü ilin ilk altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şahin Bağırov qonaqları salamlayıb, mətbuat konfransının federasiyanın 2023-cü ilin ilk altı ayı ərzindəki fəaliyyətinə həsr olunduğunu bildirib. Qeyd edib ki, hesabatda AVF-nin bu müddətdəki fəaliyyətindən, voleybolun paytaxtla yanaşı, digər bölgələrdə də inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışılacaq. Həmçinin qarşıda görüləcək işlər haqqında məlumat veriləcək.
Sonra hesabat məruzəsi ilə çıxış edən Faiq Orucov ötən yarım ildə AVF-nin fəaliyyəti barədə ətraflı məlumat verib. O, bu müddətdə ölkə voleybolunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb, uşaq voleyboluna xüsusi diqqət ayrıldığını vurğulayıb. Uşaq və gənc voleybolunun inkişaf etdirilməsi məqsədilə türkiyəli mütəxəssis Şahin Çatmanın ölkəmizə dəvət olunduğunu bildirib. F.Orucov təcrübəli mütəxəssislə müqavilə imzalandığını və avqustdan fəaliyyətə başlayacağını vurğulayıb. Həmçinin onun artıq paytaxtda və bölgələrdə bir sıra seleksiya işləri apardığını, voleybolla məşğul olan, müvafiq kriteriyalara uyğun gələn 150-yə yaxın qız və oğlanın müəyyənləşdirildiyini də əlavə edib. Vurğulayıb ki, avqustda yenidən həmin uşaqlar arasında seçim ediləcək.
Baş katib bu ilin ilk yarısında keçirilən turnirlərdən də danışıb. Bildirib ki, Azərbaycan çempionatının 2022/2023 illər mövsümündə qadın və kişilər arasında həm Yüksək Liqa, həm də I Liqa yarışları baş tutub. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş qadınlar və kişilər arasında “Heydər Əliyev” kuboku, veteran kişi voleybolçular arasında kubok, “Heydər Əliyev-100. Voleybola dəstək marafonu” təşkil olunduğunu diqqətə çatdırıb. Məruzəçi, həmçinin 15 yaşlı və 15 yaşdan böyük oğlan və qızlar arasında keçirilən çimərlik voleybolu üzrə Azərbaycan çempionatı (I mərhələ) haqqında, bölgələrdə təşkil edilən seleksiya yarışları haqqında danışıb.
Tədbirdə son mövsümdə ölkə xaricində çıxış edən və müxtəlif mükafatlar qazanan milli üzvləri haqqında məlumat verib.
Faiq Orucov avqustda start götürəcək Avropa çempionatında iştirak edəcək qadınlardan ibarət milli komandamıza yeni baş məşqçi təyin olunduğunu bildirib. Mayda türkiyəli Ataman Güneyligillə müqavilə imzalandığını söyləyən F.Orucov yığmamızın hazırda təcrübəli mütəxəssisin rəhbərliyi ilə məşqlərə davam etdiyini vurğulayıb. Həmçinin tələbə oğlanlardan ibarət millimizin Çində keçiriləcək Universiadaya hazırlıqlarından da danışıb.
Daha sonra jurnalistlərin sualları cavablandırılıb.