Güləşçilərin Budapeşt sınağı
Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri start götürəcək.
Seriyanın sonuncu mərhələsində iki milli komandamız təmsil olunacaq.
İyulun 16-dək davam edəcək yarışda sərbəst güləş üzrə yığmanın 2 üzvü – Abubakr Abakarovla (86 kq) Maqomedxan Maqomedov (97 kq) məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında uğur qazanmağa çalışacaq.
Komandanın digər üzvləri isə hal-hazırda Vladiqafqazda təlim-məşq toplanışı keçir. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında baş tutan hazırlıq prosesi iyulun 22-dək davam edəcək.
İyunun 29-dan Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında Almaniya və İsveç yığmalarıyla birgə toplanışda iştirak edən yunan-Roma güləşçilərimiz isə sabah Budapeştə yollanacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov, İslam Abbasov (hər ikisi 87 kq), Arif Niftullayev, Murat Lokyayev (hər ikisi 97 kq), Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi 130 kq) turnirdə mübarizə aparacaq.
Güləşçilərimiz Budapeştdə baş tutacaq sonuncu reytinq turnirində iştirak etdikdən sonra bu ölkədə qalıb, bir neçə yığmayla birgə təlim-məşq toplanışı keçəcək. Komandamız vətənə iyulun 30-da qayıdacaq.
Qeyd edək ki, reytinq turnirində I-S kateqoriyalı hakimlərimizdən Asif Şirəliyev və Sədi Quliyev ədaləti qoruyacaq.