13 yaşlı həmyerlimiz riyaziyyat fənni üzrə beynəlxalq olimpiadada gümüş medal qazandı

“Mən gələcəkdə riyaziyyat sahəsində biliklərimi daha da təkminləşdirərək Azərbaycanın bayrağını beynəlxalq müsabiqələrdə daha da yüksəklərə qaldırmaq arzusundayam.

Mənim riyaziyyata, informatika və məntiqə olan marağım öz istəyimdən qaynaqlanıb. Bu fənnləri çox sevirəm və böyük marağım var. Hesab edirəm ki, bundan sonra da elmin bu vacib sahələrində uğurlar qazanacam”. Bu açıqlamanı  iyulun 23-də Sinqapurda keçirilən Singapore International Math Olympiad Challenge SİMOC olimpiadasının gümüş mükafatçısı, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 8-ci sinif şagirdi Rəsul Səlimzadə verib. Dəqiq elmlər üzrə fitri istedada malik Asiyanın ən nüfuzlu riyaziyyat müsabiqələrindən olan AMO və SASMO olimpiadalarının qaliblərinin öz biliklərini sınadığı olimpiadada ən yaxşılardan biri olub:

“Beynəlxalq olimpiadanın əsas mərhələsində ABŞ, Kanada, Sinqapur, Çin, Yaponiya, Birləşmiş Krallıq, Türkiyə, Hindistan kimi ölkələrin şagirdlərinin də daxil olduğu 34 ölkədən ümumilikdə 1700-ə yaxın şagird iştirak edirdi. Azərbaycanı 129 şagird təmsil edirdi. Suallar test şəkildə deyil, açıq formada təqdim edilmişdi. Məhdud vaxt çərçivəsində hər bir sualın cavabını həll etməli idik. Suallar təkcə riyaziyyat fənni üzrə deyil, eyni zamanda riyazi məntiq əsasında tərtib olunmuşdu. Çox xoşbəxtəm ki, öz biliyimlə ən yüksək nəticələr göstərən şagirdlər arasında oldum” deyə Rəsul Səlimzadə əlavə edib.

Olimpiadanın gümüş mükafatçısı Azərbaycanlı şagirdlərin mükafatlandırılması mərasimində səhnəyə dəvət olunarkən üç rəngli şanlı bayrağımızı dalğalandırdıqlarını da xüsusi vurğulayib:

“Belə bir beynəlxalq turnirdə ölkəmizi təmsil etdiyim üçün qürur duyuram. Azərbaycan müsabiqədə iştirak edən 34 ölkə arasında medal sayına görə 5-ci yeri tutdu. Buna görə çox sevinirəm. Bu Azərbaycan təhsilinin inkişafının göstəricisidir” deyə R. Səlimzadə əlavə edib.

Müəllif: Bəhruz MƏMMƏDOV