Maribor-2023: cüdoçularımız üçün iki medal şansı
Bu gün XVII Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən cüdo yarışlarına start verilib. İlk yarış günündə 3 cüdoçumuz tatami üzərinə çıxıb. Təmsilçilərimizdən Ayxan Mirzəzadə (55 kq) 1/8 finalda isveçli cüdoçu Samir Pabloskiyə, növbəti mərhələdə isə Luka Riçardsona qalib gəlib. Lakin idmançımız yarımfinalda gurcüstanlı cüdoçu Merabi Samadaşviliyə məğlub olub. Yeniyetmə cüdoçumuz bürünc medal uğrunda görüşdə Polşa və Estoniya cüdoçularının qalibi ilə üz-üzə gələcək.
Komandamızın digər üzvü Nihad Məmişov isə mübarizəyə ermənistanlı Hayk Darbinyan üzərində qələbə ilə başlayıb. İdmançımız növbəti mərhələdə Şota Baçaşvili (Gürcüstan) ilə qarşılaşıb. Təəssüf ki, idmançımız bu görüşdə rəqibinə uduzub. N.Məmişov üçüncü yer uğrunda görüşdə italiyalı Françesko Krokiani ilə qarşılaşacaq.
Qızların mübarizəsində isə Məryəm Bayramzadə ilk görüşdə Böyük Britaniya təmsilçisi Eva Evinqə qalib gəlib. Lakin idmançımız növbəti mərhələdə belçikalı Lena Antoineyə məğlub olub. Təsəlliverici görüşdə mübarizəsini davam etdirən cüdoçumuz bu mərhələdə avstriyalı Tatevik Minasyanla qarşılaşıb. Təəssüf ki, idmançımız bu görüşdə də məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, cüdo üzrə yığma komandamız yarışda 12 (8 oğlan, 4 qız) cüdoçu ilə təmsil olunur.