Formula 1 komandaları pelotonun genişləndirilməsinə qarşı çıxıblar

Beynəlxalq Avtomobil Federasiyası (BAF) Formula 1-in yeni komandasının yaradılması ilə bağlı müsabiqənin nəticələrini elan etməyə hazırlaşarkən, dünya çempionatının hazırkı iştirakçıları seriyadakı kollektivlərin sayının artmasına qarşı fəal çıxış edirlər.

ESTAFET “Auto Motor und Sport” nəşrinə istinadla xəbər verir ki, Formula 1 komandaları (bir komanda istisna olmaqla) pelotonun genişləndirilməsinin əleyhinədir.

Jurnalistlər qeyd edirlər ki, yalnız “Alpine” iki yeni komandanın gəlişini dəstəkləyir, çünki o, bu məsələdə debütantları bir sıra güc blokları və digər icazə verilən komponent qaydaları ilə təmin etməklə pul qazanmaq fürsəti görür. Bundan başqa, Formula 1 komandaları hesab edirlər ki, iştirakçıların sayının artması hesabına mükafat pulunda itkiləri kompensasiya etmək üçün yeni komandaların giriş haqqı üç dəfə artırılaraq 200 milyon dollardan 600 milyon dollara çatdırılmalıdır.

Daha əvvəl “Andretti Cadillac” layihəsinin, eləcə də hazırda gənclər seriyasında çıxış edən “Hitech” komandasının Formula 1-ə vəsiqə qazanmaq şansının ən yüksək olduğu ilə bağlı məlumat yayılmışdı. Sonuncunu qazaxıstanlı milyarder Vladimir Kim dəstəkləyir və BAF rusiyalı iş adamı Dmitri Mazepinin layihədə iştirak etmək imkanı səbəbindən təşvişə düşüb. Rusiyadan maliyyələşdirmənin mövcudluğu təsdiq olunarsa, “Hitech”in müraciəti rədd edilə bilər.

Müəllif: Natiq NƏSİROV