Azərbaycan boksuna ağır itki üz verib
Uzun müddət müxtəlif yaş qrupları üzrə milli komandalarımızın baş məşqçisi işləmiş Şamil Əlimzanov 77 yaşında vəfat edib.
SSRİ idman ustası, Azərbaycanın Əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi bu gün Suraxanıda Tatar qəbiristanlığında dəfn olunacaq.
Şamil Əlimzanov ən hörmətli müəllimlərdən sayılırdı və Azərbaycan boksunun onurğa sütunu hesab edilirdi. Onun yetirmələri arasında adını ölkə boks tarixinə yazdıranlar kifayət qədərdir. İlk Avropa və dünya birinciliklərinin qaliblərinin, Yay Olimpiya Oyunlarının iştirakçılarının müəllimi olub. Ədalət Məmmədov, Fərhad Acalov, Emil Məhərrəmov, Zaur Teymurov, Elnur Qədirov və digər titullu idmançılarımızın bir çoxuna boksun sirlərini məhz Şamil Əlimzanov öyrədib.
Onun yolunu oğlu İlham Əlimzanov davam etdirir. O, hazırda boks üzrə təcrübəli mütəxəssislərdən biri hesab edilir.
Azərbaycan Boks Federasiyasının kollektivi Şamil Əlimzanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir.
Allah rəhmət eləsin!