Avropa çempionatı: Voleybol üzrə millimiz bu gün Almaniya ilə qarşılaşacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək.

Ataman Güneyligilin başçılıq etdiyi kollektiv C qrupundakı ikinci oyununda ev sahibi Almaniya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Millimiz qrupdakı ilk görüşündə Çexiya yığmasını böyük hesabla məğlub edib – 3:0.

C qrupunun digər matçında İsveç və Yunanıstan seçmələri üz-üzə gələcəklər.

Qeyd edək ki, sentyabrın 3-dək davam edəcək qitə çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Qrupda ilk dörd pilləni tutan ölkələr 1/8 finala yüksələcəklər.

Müəllif: Bəhruz MƏMMƏDOV