Fərid Qayıbov: "Çox istəyərik ki, gümüş medal sonuncu olmasın"

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının 7-ci günündə qaliblərə medalları Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov təqdim edib. Fərid Qayıbov daha sonra komandamızın uğurlu çıxışı barədə təəssüratlarını media nümayənləri ilə bölüşüb:

“Təbii ki, hamımız medal gözləyirdik. Nəhayət bu oldu. Çox istəyərik ki, gümüş medal sonuncu olmasın. Yarış davam edir. Bizim idmançılarımız yenə çıxış edəcəklər. İnanıram ki, onlar sona kimi mübarizə aparıb medallarımızın sayını artıracaqlar.

Azərbaycan Atıcılıq Federasiyasını və təşkilatçıları da təbrik edirəm. Bu yarış çox gözəl təşkil olunub. Bunu biz demirik. Beynəlxalq federasiyaların, qitə qurumlarının, başqa ölkələrin nümayənlərinin hər biri bu yarışın yüksək səviyyədə təşkil edildiyini deyirlər. Bu da göz önündədir”.

Fərid Qayıbov mükafatlandırma mərasiminə qatılması barədə də danışıb:

“Dünya çempionatı boyunca bura bir-iki dəfə gəlmişdim. Bütün günü burada ola bilmirəm. Amma onlayn baxırdım. Federasiya rəhbərliyi ilə əlaqədə idik. İdmançılara dəstək üçün gəlirik. Amma bəzən deyirlər ki, bu dəstək onlara mane ola bilər. Ona görə bizim üçün də çətindir. İnanırıq ki, növbəti günlərdə də atletlərimiz medallar qazanacaq”.

Müəllif: Bəhruz MƏMMƏDOV