Cüdoçuların dünya fəthi davam edir

Xorvatiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında Azərbaycan cüdoçuları uğurlu çıxışı bugün də davam etdiriblər.

Mundialın ikinci günündə 5 cüdoçumuz mübarizəyə qoşulmuşdu.

60 kq çəki dərəcəsində güləşən son Avropa çempionu Məhəmməd Musayev finaladək bütün rəqiblərindən üstün olub. Burada israilli İzak Aşpizə məğlub olan Musayev DÇ- nin gümüş medalı ilə kifayətlənib.

52 kq çəki dərəcəsində mübarizə aparan Xədicə Qədəşova finaladək uğurla irəlilədikdən sonra burada da fransız Alisia Pulanja qalib gələrək Azərbaycan cüdo tarixində qadınların bütün yaş kateqoriyaları daxil ilk dünya çempionluğunu qazanıb.

Son olaraq 66 kq çəki dərəcəsində yer alan Abil Yusifov uğuru davam etdirib. Finaladək bütün rəqiblərindən üstün olan Yusifov burada polşalı Şimon Şuliklə üz-üzə gəlib. Rəqibinə uduzan Yusubov ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, cüdoçularımız mundialın ilk günündə bir dəst medal (50 kq-da Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, 55 kq-da isə Mirxaliq İskəndərov bürünc) qazanaraq cüdomuzda yeni tarixi uğura imza atmışdılar. Turnir avqustun 27-də başa çatacaq.

Müəllif: Natiq NƏSİROV