"Heç bir yarış Azərbaycandakı kimi təşkil olunmayıb": Villi Qrill

ESTAFET/ Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı başa çatıb. Mundialda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edib. Beynəlxalq Atıcılıq Federasiyasının baş katibi Villi Qrill bağlanış mərasimindən sonra yarışın yekunları ilə bağlı təəssüratlarını bölüşüb:

“Öncə bu yarışın işıqlandırmasında iştirak edən media nümayəndələrinə təşəkkür edirəm. Sizin diqqətiniz dünya çempionatı üçün çox vacib idi. Mundial haqqında onu deyə bilərəm ki, Bakıdakı yarış zamanı 14 rekord qeydə alındı. Əvvəlki dünya çempionatlarında belə nəticə qeydə alınmamışdı. Eyni zamanda, gələn il Paris keçiriləcək Yay Olimpiya Oyunlarına 48 lisenziyanın verilməsi də nailiyyətdir. Açılış mərasimindən bağlanış mərasiminə kimi hər şey yüksək səviyyədə təşkil olundu. Bu, bütöv komandanın işidir. Mən Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərovun fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. O, mənim təkcə həmkarım deyil, dostum-qardaşımdır. Onun komandası mükəmməl iş gördü. Könüllülərə də təşəkkür etmək istəyirəm. 30 illik fəaliyyətimdə gördüyüm ən fəal könüllülər idi. Azərbaycan dünya çempionatını elə səviyyəyə çatdırdı ki, inanmıram hansısa ölkə yenidən belə bir iş ortaya qoysun. 9 olimpiadada, çox sayda yarışda iştirak etmişəm, çalışmışam. Deyə bilərəm ki, heç bir yarış Azərbaycandakı kimi təşkil olunmayıb. Mənim üçün çox çətindir. Öz ölkəmdə - Azərbaycanda turnirin bağlanışını elan etdim. Bir daha hər kəsə təşəkkür edirəm”.

Müəllif: Bəhruz MƏMMƏDOV