Orxan Səfərov idmançı karyerası ilə vidalaşmaq qərarına gəlib
Çoxsaylı nüfuzlu beynəlxalq turnirlərin qalibi və mükafatçısı Orxan Səfərov idmançı karyerası ilə vidalaşmaq qərarına gəlib.
Orxan Səfərov beynəlxalq arenada uğurlu çıxışları ilə fərqlənib, yeniyetmələrin və gənclərin hər zaman sevimli cüdoçusu olub. Onun əsas uğurları sırasında 2017-ci ilin Dünya Çempionatında gümüş medal qazanmasını və 2020-ci ildə Avropa çempionu olmasını qeyd etmək olar.
“Cüdonun hər bir anı mənim üçün yadda qalandı, hər bir qalib gəldiyim turnir mənim üçün vacibdir. Cüdo həyatda mənə çox şey öyrətdi, əsasda tataminin üzərində sərbəst olmağı. Kənar dəstək nə qədər olsa da, tatamidə qərarlar təklikdə verilir, heç bir gözlənti və kömək olmur. Cüdo həyat dərsidir. O, həyatda məsələləri müstəqil həll etmək, sərbəst olmaq və qalib gəlməyi öyrədir. Hər şey öz əlindədir!”, - deyən Orxan Səfərov əlavə edib ki, cüdo ona məqsədyönlülük, motivasiya, nizam-intizam və özünəinam kimi keyfiyyətləri bəxş edib və bu keyfiyyətləri o, həyatının növbəti mərhələlərinə özü ilə aparacaqdır.
O. Səfərov gələcəkdə də Azərbaycan cüdosunun inkişafına töhfə vermək və xidmət etmək niyyətindədir.
Orxan Səfərovun idman karyerasına nəzər salsaq o, 2013-cü ildə böyüklər arasında Dünya çempionatında bürünc medal, 2017-ci ildə isə gümüş medal qazanıb. 2015 və 2016-cı illərdə Avropa çempionatının gümüş, 2017-cı ildə isə bürünc medala sahib olub. “Masters” turnirində 1 dəfə qızıl, 1 dəfə gümüş medal qazanmaqla yanaşı, o, Böyük Dəbilqə və Qran Pri yarışlarında ümumilikdə 15 medal qazanıb.
Azərbaycan cüdo ailəsi adından Orxan Səfərova fədakarlığı və ölkəmizin cüdo tarixində qoyduğu silinməz izə görə təşəkkür edirik və gələcək fəaliyyətində uğurlar arzu edirik!