Çövkən üzrə Prezident Kubokunun qalibi müəyyənləşib - VİDEO

Çövkən milli atüstü oyunu üzrə Prezident Kuboku turnirinə yekun vurulub. Binə Atçılıq Mərkəzinin qapalı manejində təşkil olunan turnirdə üçüncü yer uğrunda görüş və final oyunu keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən günün ilk matçında “Sərhədçi-Dilbaz” komandası “Omar”ı 2:1 hesabı ilə məğlub edərək bürünc medala sahib olub. Final görüşündə isə “Sərhədçi-Qarabağ”ı 4:1 hesabı ilə üstələyən “Polad” komandası Prezident Kuboku turnirinin qalibi adını qazanıb. Sonda ilk üç yeri tutan komandalar müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, həmçinin fəxri diplom, turnirin qalibi olan “Polad” komandası isə kubok ilə təltif edilib.

Mükafatçılara medalları Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.

Çövkən milli atüstü oyunu üzrə Prezident Kuboku turnirində “Sərhədçi-Qarabağ”, “Polad”, “Köhlən”, “Şirvan”, “Sərhədçi-Dilbaz”, “Omar”, “Zəfər” və “Embawood” olmaqla 8 komanda iştirak edib.

Müəllif: Bəhruz MƏMMƏDOV