AVF prezidenti Şəmkirdə səfərdə olub

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Şəmkir rayonunda səfərdə olub. Ş.Bağırov burada Tovuz Regional Voleybol Klubunun Şəmkir rayonundan olan üzvləri ilə görüşüb. Federasiya prezidenti Şəmkir rayon Məhəmməd Füzuli adına tam orta məktəb-litseyində baş tutan yeniyetmələrin məşqini izləyib. Daha sonra idmançılarla söhbət edən federasiya prezidenti onlara yaradılan şəraitlə tanış olub. Ş.Bağırov yeniyetmələrə professional voleybolçu olmaq istiqamətində tövsiyələrini verib.

Qeyd edək ki, AVF bölgələrdə yaradılan regional voleybol klublarını daim diqqətdə saxlayır. Bu klublarda məşq keçən voleybolçular arasında mütəmadi olaraq seleksiya işləri həyata keçirilir və seçilən idmançılar gələcəkdə yığma komandalara cəlb olunacaqlar.

Müəllif: Bəhruz MƏMMƏDOV