Beynəlxalq turnirlərdən uğurla qayıdan idmançılar mükafatlandırıldı

Azərbaycan Savat Federasiyası (ASF) 2024-cü ilin 1-ci rübündə qazandığı uğurlarla bağlı media ve idman ictimaiyyəti üçün mətbuat konfransı təşkil edib.

Azərbaycan Dövlət Neft Sənaye Universitetinin akt zalında keçirilən tədbirdə bır sıra rəsmi şəxslərlə yanaşı, idmançılar, məşqçilər və hakimlər də iştirak edib.

Tədbirdə qarşıda duran məqsədlər, planlarla bağlı müzakirələr aparılıb, federasiya üzvlərinə, məşqçilərə ve seçilən hakimlərə müəyyən öhdəliklər, təlimatlar təqdim olunub. Hesabat xarakterli beynəlxalq turnirlərdən, çempionatlardan danışılıb.

Daha sonra yarışlarda medal qazanan idmançılar təəsüratlarını bölüşüb. Həm "Budapeşt Open-2024"dən, həm də İtaliyanın Cenoa şəhərində keçirilmiş beynəlxalq turnirdən uğurlu nəticələrlə qayıdan idmançılara federasiyanın prezidenti Rafiq Əliyev tərəfindən mətbuat qarşısında fəxri diplomlar təqdim edilib.

Tədbirin sonunda bildirilib ki, ASF-nın gənclərdən ibarət milli komandası 20-23 iyun tarixlərinde Bolqarıstanda Avropa çempionatına, savatın kombat növü üzrə yığmamız sentyabrda İtaliyada təşkil olunacaq qitə çempionatına, assault növü üzrə böyüklərdən ibarət komanda oktyabrda Sloveniyadakı dünya çempionatına qatılacaq.

Mayın 11-12-də isə yeniyetmələr, gənclər və böyüklər arasında savatın assault növü üzrə Bakı çempionatı keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV