U-16 voleybolçu qız və oğlanların Azərbaycan birinciliyinə yekun vurulub

16 yaşadək (U-16) voleybolçu qız və oğlanların Azərbaycan birinciliyinə yekun vurulub. Bu gün GİN-nin Voleybol Mərkəzində keçirilən qızların finalında “AZERRAIL-1” klubu “Şərqi Zəngəzur RVK”nı 3:0, oğlanların finalında isə “Murov Az Terminal-1” klubu “AZERRAIL” 3:0 hesabları ilə məğlub edərək çempion olublar.

Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi başlayıb. Çıxış edən AVF-nin prezidenti Şahin Bağırov mükafatçıları təbrik edib, onlara uğurlar arzulayıblar.

Ardından çempionatda fərqlənən voleybolçulara mükafatlar təqdim olunub. Leyla Əliyeva (“AZERRAIL-1) qızların birinciliyinin, Həsən Tağıyev (“Murov Az Terminal-1”) isə oğlanların birinciliyinin ən yaxşı oyunçuları seçiliblər. Mükafatları mövsüm ərzində AVF-yə dəstək olan Azərterminalkompleks birliyinin direktoru Kənan Aşurlu, Nurgun Qrupun prezidenti Nuru Əliyev təqdim ediblər.

Həmçinin oğlanların Azərbaycan birinciliyinin bütün oyunlarının Şirvan OİK-də keçirilməsində göstərdiyi dəstəyə görə Hacıqabul Regional Voleybol Klubuna təşəkkürnamə verilib. AVF-nin baş katibi Faiq Orucov mükafatı Hacıqabul RVK-nın rəhbəri Şəhriyar Piriyevə təqdim edib.

Daha sonra qaliblərə kubok və medallar verilib. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev və AVF-nin İdarə heyətinin üzvü İlqar Nuriyev təqdim ediblər.

Beləliklə, qızların birinciliyinin çempionu “AZERRAIL-1” klubuna qızıl medal və kubok, “Şərqi Zəngəzur RVK”ya gümüş, “Sumqayıt RVK”ya isə bürünc medallar təqdim edilib.

Oğlanların yarışının qalibi olan “Murov Az Terminal-1” klubuna qızıl medal və kubok, “AZERRAIL”ə gümüş, “Sumqayıt RVK”ya isə bürünc medallar verilib.

Sonda qaliblərlə xatirə şəkli çəkdirilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib və Azərbaycan birinciliyi (U-16) bağlı elan olunub.

Müəllif: Bəhruz MƏMMƏDOV