Kişilərin və qadınların pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma növündə final görüşləri keçirilib

Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2024” davam edir.

Bu gün kişilərin və qadınların pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma növündə final görüşləri keçirilib.

Bütün medallar Çin və Koreyadan olan atıcıların aktivinə yazılıb.

Kişilərin mübarizəsində Tokyo-2020 Olimpiadasının gümüş mükafatçısı Lihao Sheng rəqiblərinə aman verməyib. 19 yaşlı atlet 251.8 xalla hamını qabaqlayaraq aktivinə növbəti “qızıl”ı yazıb. Gümüş medala da Çindən olan atlet sahib olub. Linshu Du 251.4 xalla ikinci yeri tutub. Koreyanı təmsil edən Hajun Park bürünc medalla kifayətlənib.

Eyni növdə qadınların yarışında 2022-ci ildə Bakıda komanda növündə “qızıl” əldə etmiş Jihyeon Keum 253.4 xalla yenidən qızıl medalın sevincini yaşayıb. 252.3 xal yığan çinlı atıcı Zifei Wang gümüş medal alıb. Wangın həmyerlisi Jiayu Han aktivinə bürünc medal yazıb (231.1 xal).

Müəllif: Bəhruz MƏMMƏDOV