Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinə yekun vurulub
Mayın 9-da Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinə yekun vurulub.
Bakı Tennis Akademiyasında əvvəlcə üçüncü yer uğrunda qarşılaşma keçirilib. Daxili İşlər Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin komandasına 5:0 hesabı ilə qalib gələrək yarışın bürünc medalına sahib çıxıb.
Ardınca komandaların paradı keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra taekvondoçuların nümunəvi çıxışları təqdim olunub, incəsənət ustalarının ifasında maraqlı musiqi proqramı təşkil olunub.
Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında Ədliyyə Nazirliyinin komandası Fövqəladə Hallar Nazirliyi komandasına 2:1 hesabı ilə qalib gəlib.
Beləliklə, yarışın qalibi Ədliyyə Nazirliyinin komandası olub. İkinci və üçüncü yerlərə müvafiq olaraq Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin komandaları layiq görülüblər. Nəqliyyat Nazirliyinin komandası isə yarışı dördüncü pillədə başa vurub.
Turnirin ən yaxşı oyunçusu Anar İsgəndərov (Ədliyyə Nazirliyi), bombardiri Rövşən Ələsgərov (Müdafiə Nazirliyi, 31 qol), ən yaxşı qapıçısı Ələddin Cəlilov (Ədliyyə Nazirliyi) seçiliblər. Yarışın "Fair-play" mükafatı isə Baş Prokurorluğun komandasına təqdim olunub.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətinin rəisi Mirsaleh Hüseynov, Fövqəladə Hallar Nazirliyi Katibliyinin rəisi Hikmət Səmədov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Bakı Tennis Akademiyasının direktoru Mehman Qocayev və İdman səfiri Xəyyam Orucov təqdim ediblər.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə 2023-cü ilin noyabrından start götürmüş turnirdə 52 dövlət qurumu təmsil olunub.